Bu sözləri «Trend» agentliyinə Prezidentin İcra Aparatının siyasi analiz və informasiya təmitatı şöbəsinin rəhbəri Elnur Aslanov ABŞ Dövlət Departamentinin 2007-ci ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatına münasibət bildirərkən deyib. Hesabat 2008-ci il mayın 28-də açıqlanıb.
Azərbaycanda prezident seçkisinin şəffaf, demokratik şəraitdə keçəcəyini vurğulayan E.Aslanovun bildirib ki, Azərbaycanda müxtəlif sahələrdə göstəricilər ildən- ilə yaxşılaşır: «Bu həm iqtisadi, həm də siyasi sahəyə aiddir. Son illər biz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bir sıra mühim addımlar atmışıq. Dövlətin sosial həyatında «üçüncü sektor»un əhəmiyyətini və rolunu gücləndiririk. Sayı 600-ü keçən kütləvi informasiya vasitəsinin inkişafı üçün bütün şərait yaradılıb. Vətəndaş hüququ və azadlığı dövlət idarəçiliyinin prioritet vektoruna daxildir».
Dövlət Departamentinin ölkədə sərbəst toplaşma azadlığı sahəsindəki məhdudiyyətlərlə bağlı tənqidlərinə cavab olaraq Prezident Aparatının nümayəndəsi qeyd edib ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da mitinq və nümayişlərin yüksək hərəkət və insanların kütləvi toplaşdığı yerlərdə keçirilməsi qadağandır: «Bu tamamilə təbiidir. Lakin Milli Məclis yaxınlarda yeni «Sərbəst toplaşma azadlığı haqqında» qanun layihəsini müzakirə edəcək, məhz buna görə hər hansı məhdudiyyət haqda danışmağın mənası yoxdur».
Departamentin hesabatında deyilir ki, polis və hərbi hissələrdə işgəncə tətbiqi davam edir və ötən il işgəncələrdən dörd nəfər ölüb, ancaq buna məsuliyyət daşıyan təhlükəsizlik qüvvələri cəzasız qalır. Sənəddə qeyd edilir ki, məmurlar siyasi motivlər üzrə həbs olunurlar: «Ədliyyə sistemində rüşvətxorluq, sərbəst toplaşmaq məhdudiyyəti hələ də qalır. KİV-in vəziyyəti daha da pisləşib. Qadınlara və dini azlıqlara qarşı zorakılıq davam edir. Müəyyən irəliləyişlərə baxmayaraq həbsxanalar insan həyatı üçün təhlükə mənbəyi olaraq qalır».
Şöbə müdiri sənəddə qadınlara və dini azlıqlara qarşı zorakılığın qeyd olunmasına təəccübləndiyini bildirib: «Bu tamamilə reallığa uyğun deyil. Azərbaycanda qadına qarşı hansı zorakılığdan danışmaq olar?»
E.Aslanov dini azlıqlara dair tənqidlə də razılaşmır: «Hazırda Azərbaycanda öz hüquq və adətlərini açıq şəkildə həyata keçirən təxminən 500 qeydiyyata alınmış dini qrup var. Azərbaycan bütün din və cərəyanların sülh şəraitində yaşadığı tolerant ölkədir. Azərbaycanın tolerantlığı ilbəil beynəlxalq strukturların məruzələrində qeyd olunur, qonşu dövlətlər haqqında isə bunu demək olmaz. Mən «təhlükəsizlik qüvvələri cəzasız qalır» ifadəsiylə də razı deyiləm».
Onun sözlərinə görə, üç il ərzində Azərbaycanda vətəndaşların hüququnu pozan 443 polis cəzalandırılıb. Bunlardan 16 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 98 nəfər daxili işlər orqanlarından kənarlaşdırılıb, beş nəfərin rütbəsi bir pillə azaldılıb, 39 nəfər tutduğu vəzifədən azad olunub: «Məhz buna görə bu tipli bəyanatlar reallığı əks etdirmir. Çox məyusedici haldır ki, məruzədə Ermənistan siyasətinin işğalı nəticəsində qaçqınlar və məcburi köçkünlərin hüquqlarının köbud şəkildə pozulmasına dair məsələ əksini tapmayıb. Hesab edirəm ki, məruzədə doğma yurd-yuvalarına qayıtmaq imkanından məhrum olan 1 milyon qaçqını xatırlamaq yerinə düşərdi. İnsan haqlarından danışırıqsa, o zaman faktları yada salmaq lazımdır. Qonşu dövlət tərəfindən hüquqları pozulmuş bir milyon qaçqın - digər dövlət tərəfindən insan haqqının konkret pozulma faktıdır».
Azərbaycanın cəzaçəkmə müəssisələrinə gəldikdə isə E.Aslanov qeyd edib ki, bu strukturlar həm milli, həm də beynəlxalq təşkilatların ictimai monitorinqi altındadır:
«İllərlə cinayətdə şübhəli bilinən insanlarin saxlanıldığı digər ölkələrin həbsxanalarında anoloji monitorinqlər keçirilmir».
http://ria.az/gundem/1052.html
http://www.mediaforum.az/articles.php?ar